Sabirabadda Gənclər Gününə həsr olunan tədbir keçirilib VİDEO
Sabirabad, 2 fevral, Aydın Yavərzadə, AZƏRTAC
2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində Sabirabad rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunub.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəhbəri Fərid Qurbanzadə, rayonda fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri, rayon ictimaiyyətində təmsil olunan gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Mədəniyyət Mərkəzində gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Gənclər gününə həsr olunan tədbirdə Dövlət Himni səsləndirilib, rayon Gənclər və İdman İdarəsinin “Gənclər həftəsi” çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən videoçarx nümayiş olunub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Gənclər Günü münasibətilə gəncləri təbrik edib, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışıb.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad rayon nümayəndəliyinin direktoru Rəşad Qurbanov da çıxış edərək, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizin gələcək inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söz açıblar.
Tədbirin bədii hissəsində Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil edilən konsert proqramı nümayiş olunub. Konsert proqramında İdarənin xidməti əhatəsindəki mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında müxtəlif musiqi nümunələri səsləndirilib. Həmçinin Əhmədabad kənd folklor evinin “Axısxa Halay-Türk” folklor kollektivi də maraqlı rəqslə çıxış ediblər.
Gənclər Gününün təsis edilməsinin 25 illiyi münasibətilə Sabirabad rayonun ictimai-siyasi həyatında fəallıq göstərən 10 gənc müxtəlif nominasiyalar üzrə Sabirabad rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.
Sabirabad Regional Mədəniyyət İdarəsi də ötən il gənclər sahəsində göstərdiyi fəaliyyətə görə rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanı ilə təltif edilib.