Qubada sərxoş vəziyyətdə oğurluq edən şəxs saxlanılıb VİDEO
Quba, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər. Dərhal hərəkətə keçən polis əməkdaşları Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.
Faktla bağlı Quba polis şöbəsində araşdırma aparılır.