FHN-in dalğıcları intihar məqsədilə özünü dənizə atmış qızı xilas ediblər VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.