FHN: Ötən sutka 58 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 53 yanğına çıxış, dörd halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 10 nəfər, o cümlədən paytaxtın Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı xilas olunub.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.