Cəsur əsgər Rahib Məmmədovun xatirəsi anılıb VİDEO
Ağdam, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanlı cəsur əsgər Rahib Məmmədovun xatirəsi onun adını daşıyan Ağdam rayonu Mahrızlı kəndindəki Döyüş şöhrəti muzeyində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə R.Məmmədovun Mahrızlı kənd tam orta məktəbinin qarşısındakı büstü önünə əklil və gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət işçilərinin, Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, kənd sakinlərinin iştirak etdikləri tədbirdə Muzeyin direktoru Sahib Məmmədov, Ağdam rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Ülvi Qədirov, polkovnik-leytenant Ramil Məmmədov, Üçoğlan kənd mədəniyyət evinin müdiri Sevda Cəfərova, Zəngişalı kənd mədəniyyət evinin müdiri Fikrət Əliyev və başqaları çıxış edərək Rahib Məmmədovun mənalı və qəhrəmanlıqla dolu həyatından danışıblar. Məlumat verilib ki, Rahib Gülmalı oğlu Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Təhsil aldığı Mahrızlı kənd tam orta məktəbi onun adını daşıyır. Məktəbin həyətində Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi yaradılıb. Bakının Xətai rayonunun Əhmədli yaşayış massivində Rahib Məmmədov adına küçə var. Gürcüstanın Çaladidi kəndində cəsur əsgərin abidəsi qoyulub.
Çıxışlarda vurğulanıb ki, Rahib Məmmədovun şücaəti gəncliyimiz üçün örnəkdir.
Mərasimdə məktəblilərin ifasında şeirlər səsləndirilib. Tədbirdə fəal şagirdlərə fəxri fərman təqdim edilib.
Tədbir iştirakçıları Döyüş şöhrəti muzeyində R.Məmmədova məxsus əşyalarla tanış olublar. Sonda C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1987-ci ildə istehsal etdiyi və Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunan “Əbədiyyət yolu” sənədli filminin yenilənmiş versiyası nümayiş olunub.