2005-Cİ İL ABŞERON RAYONU ÜÇÜN DÖNÜŞ İLİ OLMUŞDUR
Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun hesabat məruzəsində rayonun 9 qəsəbə və 6 kəndindəki bütün struktur və bölmələrin işi hərtərəfli təhlil edilmiş və problemlərdən danışılmışdır.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin, Prezident İlham Əliyevin regionlara səfərləri zamanı qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi hesabat ilində uğurlar qazanılması üçün möhkəm zəmin olmuşdur.
Ötən il 102 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da əvvəlki ildəkinə nisbətən iki dəfə çoxdur. Sənayedə özəl sektorun xüsusi çəkisi 70 faizə çatmışdır. Rayonda tikinti təşkilatları tərəfindən 57 milyard manatlıq inşaat işləri görülmüşdür ki, bunun da 89 faizi özəl sektorun payına düşür. 21,6 kilometr kanalizasiya xətləri, 32,1 kilometr su kəməri çəkilmişdir. Rayon üzrə 774 min kvadratmetr asfalt döşənmiş, 8 orta məktəb və 9 məktəbəqədər müəssisə əsaslı təmir edilmiş, 37 sinif otağı tikilmişdir.
Məruzədə göstərildiyi kimi, bitkiçilikdə, heyvandarlıqda, quşçuluqda daha uğurlu nəticələr əldə edilmişdir. Bostan və tərəvəz məhsulları istehsalı da xeyli artmışdır. 2005-ci ildə 64,3 milyard manatlıq kənd təsərrüfatı məhsulu satılmışdır ki, bu da əvvəlki ildəkindən 12,4 milyard manat çoxdur. Məhsullarının emalı üçün bir sıra müəssisələr yaradılmış və onlar səmərəli fəaliyyət göstərir.
Sahibkarlığın inkişafına diqqət nəticəsində orta və kiçik biznes şəbəkəsi xeyli genişlənmişdir. Ötən il 17 gənc sahibkar Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 6,3 milyard manat kredit almışdır.
Əldə olunmuş nailiyyətlər əhalinin maddi rifahını yaxşılaşdırmaq, bir sıra sosial məsələlərin həlli, yeni istehsal sahələri və xidmət obyektləri açmaq üçün şərait yaratmışdır. Nəticədə 2005-ci ildə Abşeron rayonunda 1131, iki ildə isə 2231 daimi iş yeri yaradılmışdır.
Müşavirədə ayrı-ayrı təşkilatların, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və xidmət müəssisələrinin fəaliyyəti ciddi təhlil edilmişdir. Uğurlarla yanaşı, yol verilmiş səhvlər də qeyd olunmuşdur. Rayonlararası Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət hüquqlarının və şəhərsalma kadastrının qeydiyyatı idarələrinin, habelə gigiyena və epidemiologiya mərkəzinin, bir sıra bələdiyyə rəhbərlərinin fəaliyyəti kəskin tənqid edilmişdir.
Müzakirələrdə çıxış edənlər konkret misallar gətirərək bildirmişlər ki, rayonun abadlığı və infrastrukturunun inkişafında yaranmış irəliləyişlər mənəvi-psixoloji mühitin sağlamlaşmasına müsbət təsir göstərmişdir.
İclasda çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun vurğulamışdır ki, hər bir azərbaycanlı ölkəmizin dinamik inkişafından qürur duyur. Bütün bu nailiyyətlərin əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev öz sosial-iqtisadi inkişaf strategiyasını ölkənin həyatının bütün sahələrində məqsədyönlü və ardıcıl surətdə həyata keçirir.
İclasda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.