Füzulidən Laçına qədər döyüş yolu keçən Vətən müharibəsi şəhidi Rəcəb İsmayılov VİDEO
İmişli, 9 fevral, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu Əliqulular kəndindən olan Rəcəb İsmayılov müharibəyə könüllü yollanarkən hələ 20 yaşı yeni tamam olmuşdu. Onun gələcəklə bağlı arzuları, istəkləri vardı. Lakin Rəcəbin ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad olunması idi. Rəcəb haqq savaşı uğurunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidi İsmayılov Rəcəb Nəcəf oğlu 2000-ci il sentyabrın 17-də İmişli rayonu Əliqulular kəndində dünyaya göz açıb. Qəhrəman övladı haqqında qürurla danışan şəhid atası Nəcəf İsmayılov deyir ki, Rəcəb hələ yeniyetmə çağlarında Xocalı faciəsinə aid videolentləri izləyərkən erməni vəhşiliyinin nə olduğunu anlamağa başlayıb. Uşaq yaşlarından Vətənə sevgi bəsləyən Rəcəb həm də düşmənə olan qisas hissi ilə yaşa dolub. Həqiqi hərbi xidmətə çağırılarkən ruh yüksəkliyi ilə Vətənin keşiyinə yollanıb. Xidmətini layiqincə yerinə yetirərək geri qayıdıb. Rəcəbin xidmətinin bitirməsi ilə bağlı onu təbrik edənlərə bir cavabı olurdu - “bizləri torpaqlarımızı azad edərkən təbrik edin” deyə şəhid atası bildirib. Vətən müharibəsində də Rəcəb könüllü olaraq döyüşlərə qoşulmaq üçün müraciət edib. 2020-ci il sentyabrın 28-də isə cəbhəyə yollanıb. Füzulidən Laçına qədər döyüş yolu keçən Rəcəb əsl qəhrəmanlıq nümayiş etdirib. Rəcəblə bir cəbhədə döyüşən silahdaşı, müharibə qazisi Kamran Əliyev həmin qürurlu günlər haqqında danışaraq bildirib ki, hər birimizin amalı torpaqlarımızı düşmən tapdağından azad etmək olub. “Rəcəb də bu döyüşlərdə öz canı bahasına tarix yazan qəhrəmanlar sırasında yer alır. O, döyüşlər zamanı hər zaman öndə gedib və silahdaşlarına örnək olub. Bir çox uğurlu tapşırıqlarda Rəcəb öz şücaəti ilə seçilib. Sonuncu dəfə Güləbird istiqamətində gərgin döyüşlər zamanı Rəcəb şəhidlik zirvəsinə ucaldı”, - deyə qazi Kamran Əliyev qeyd edib.
Qeyd edək ki, Rəcəb İsmayılov oktyabrın 29-da sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb və “qələbə yaxındadır” deyə ata anasına müjdə xəbərini verib. Güləbird istiqamətində gedən döyüşlər zamanı Rəcəb qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. O, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.