Şabranda zəncirvari qəzada iki nəfər ölüb, üç nəfər yaralanıb VİDEO
Şabran, 9 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Ağalıq kəndindən keçən hissəsində qeydə alınan qəza zamanı "TIR" markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Babayev Əli Hacıbala oğlu və 2014-cü il təvəllüdlü Quliyeva Həqiqət Kamil qızı ölüb.
Qəzada xəsarət alan Xaçmaz rayon sakinləri Nuriyev Tural Əjdər oğlu, Babayeva Səlminaz Xudat qızı və Şabran rayon sakini Quliyev Akif Abdulmənna oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, hadisə yük avtomobilinin sükanında yaranan texniki nasazlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırmalar aparılır.