2006-CI İL İQTİSADİ İSLAHATLARI DAVAM ETDİRMƏK ÜÇÜN UĞURLU İL OLACAQDIR
AZƏRTAC xəbər verir ki, bu barədə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda Prezident İlham Əliyev 2006-cı ilin iqtisadi islahatları davam etdirmək üçün uğurlu il olacağını demişdir. Ölkəmizin rəhbəri bildirmişdir ki, bu sahədə dövlətin üzərinə düşən vəzifələr icra olunacaq, sahibkarlar, iş adamları ümumi işimizə öz töhfəsini verəcəklər. Əgər bu gün başqa ölkələrdən gəlib Azərbaycanda iş görmək istəyənlərin sayı artırsa, deməli, yerli iş adamları da bu gözəl imkanlardan istifadə etməlidirlər.
Azərbaycanda orta aylıq əmək haqqının hazırda 140 ABŞ dollarına bərabər olduğunu diqqətə çatdıran Prezident demişdir: “Bu, böyük göstəricidir. Vaxtilə Azərbaycandan getmiş, başqa ölkələrdə yaşayan vətəndaşlar indi qayıdırlar. Bu gün ölkəmizə xarici ölkə vətəndaşlarının axını müşahidə olunur. Azərbaycana iş görmək, pul qazanmaq, müəyyən iqtisadi layihələri həyata keçirmək üçün gəlirlər. Çünki Azərbaycanda tərəqqi, irəliləyiş var və inkişaf sürətlə gedir”.