Narkotik vasitələrin satışını təşkil edən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar VİDEO
Əməliyyat nəticəsində 76 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 9 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyatlar zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirib narkoşəbəkə yaradan dörd nəfər saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində qanunsuz dövriyyədən 76 kiloqram narkotik vasitə və psixotrop maddə, eləcə də 965 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nərimanov rayonunda keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Nazim Zeynalov saxlanılıb. Onun üzərindən və evindən 66 kiloqramdan artıq, o cümlədən 52 kiloqram 708 qram heroin, 10 kiloqram 312 qram “patı”, “şüşə” adlandırılan metamfetamin, 2 kiloqram 144 qram marixuana, 1 kiloqram tiryək, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi, 450 ədəd metadon həbi və narkotik vasitələrin satışı zamanı qeydlərin aparıldığı dəftər aşkarlanıb.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əlavə təxirəsalınmaz əməliyyat tədbirləri zamanı narkoşəbəkənin digər üzvləri Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov Bakı şəhəri ərazisində yaxalanıblar. Onlardan ümumilikdə 10 kiloqram 128 qram heroin, metamfetamin, 515 ekstazi və metadon həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, elektron tərəzilər aşkarlanıb.
Bu əməliyyatlar zamanı saxlanılan dörd nəfərlə bağlı aparılan tədbirlərlə müəyyən edilib ki, onlar narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslər olublar. Beynəlxalq narkoşəbəkənin ölkə ərazisində dayaqları olan Nazim Zeynalov, Kamal Məmmədov, Qaraoğlan Süleymanov və Samir Rəhimov paytaxtda və bölgələrdə narkotik vasitələrin satışını təşkil edən narkokuryerlərdən ibarət mütəşəkkil dəstə yaradıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.