Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tank bölmələrindən birində qəfil yoxlama aparıb VİDEO
Naxçıvan, 9 fevral, AZƏRTAC
“Birləşmə və hissələrdə döyüşə hazırolmanın qəfil yoxlanılması” planına əsasən, bölmələr Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahı tərəfindən yoxlanılır. Növbəti dəfə tank bölmələrindən biri qəfil yoxlanılıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yoxlanılan tank bölməsi həyəcan siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılıb. Səhra döyüşü idarəetmə məntəqəsində müdafiə və hücum əməliyyatları planlaşdırılıb, müxtəlif fəaliyyətlər üzrə hesabatlar aparılıb və bölmənin tapşırıqları dəqiqləşdirilib.
Tank bölməsinin uzaq məsafələrə yüksək templə hücum etmək imkanlarının qiymətləndirildiyi qəfil yoxlamada hücum edən bölmələrin dəstəklənməsi, düşmənin atəş nöqtələrinin məhv edilməsi və müdafiə sisteminin yarılması tapşırıqları icra olunub.
Yoxlama zamanı əsas diqqət hədəfləri dəqiqliklə məhv etmək, düşmən piyadalarının əhvalını çökdürmək və düşmənin atəş zərbələrindən qorunmaq vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Plana uyğun olaraq, digər bölmələrdə də döyüşə hazırolmanın qəfil yoxlanılması davam etdiriləcək.