Səhiyyə naziri: Növbəti beş il üçün “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi hazırlanır VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Məlumdur ki, rəqəmsallaşma effektiv idarəetməni şərtləndirən ən mühüm alətlərdən biridir, müasir dövrdə bəlkə də birincisidir. Həmin məqsədlə növbəti 5 il üçün hazırlanan “Rəqəmsal Səhiyyə Strategiyası” sənədi yekunlaşmaq üzrədir. Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasında yeddi əsas məqsəd var. Bunlar vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, göstərilən tibbi xidmətlərin yaxşılaşdırılmasına vətəndaşların birbaşa cəlb olunmasının təmin edilməsi, digər dövlət qurumları ilə inteqrasiya olunmuş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması, müasir standartlara uyğun tibbi-statistik məlumatlar bazasının formalaşdırılması və məqsədyönlü təhlili, səhiyyədə iqtisadi şəffaflığın və səmərəliliyin artırılması, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla ölkə üzrə tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsi, tədris kurikulumuna səhiyyədə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir strategiya çərçivəsində irihəcmli layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb: “Layihələrdən birini xüsusilə vurğulamaq istərdim. Hər birimizin tibbi rəqəmsal əkizi sistemi yaradılacaq. Bunu başqa sözlə, fərdin sağlamlıq məlumatlarının yer aldığı elektron profillər də adlandırmaq olar. Həmin sistemdə qadının hamiləlik dövründən başlayaraq şəxs vəfat edənədək onun sağlamlığına dair bütün məlumatlar toplanacaq. Toplanan məlumatlar əhalinin sistemli və keyfiyyətli müalicə almasını, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağı və buna uyğun gələcək səhiyyə strategiyasının formalaşdırılmasını təmin edəcək”.