Yeddi avtomobildən oğurluqlar edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Xocəsən və Sulutəpə qəsəbələri ərazisində avtomobillərin şüşələrini qıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluq edən Salyan rayon sakini Tərlan Abdullayev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslə bağlı aparılan əlavə tədbirlərlə onun Binəqədi rayonunda 5, Qaradağ və Yasamal rayonlarında isə əlavə 2 avtomobildən pul, telefon, maqnitofon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib. T.Abdullayev saxlanılan zaman üzərindən narkotik vasitə olan heroin də aşkarlanıb.
Saxlanılan şəxs barəsində 40-cı polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. T.Abdullayevin digər cinayətlərinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.