Türkiyə və Azərbaycanın birgə fəaliyyəti nəticəsində indiyədək 132 kvadratkilometr ərazi partlayıcı vasitələrdən təmizlənib VİDEO
İstanbul, 10 fevral, AZƏRTAC
Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etdi. Türkiyə bu haqlı mübarizəsində daim Azərbaycanın yanında oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirliyinin təhlil və qiymətləndirmə üzrə mütəxəssisi mayor Pınar Kara mediaya açıqlamasında bildirib.
P.Kara hərbi əməliyyatlardan sonra imzalanan Bəyanata uyğun olaraq yaradılan Birgə Mərkəzdə davamlı atəşkəsin və sabitliyin təmin edilməsi üçün fəaliyyət göstərən Türkiyə və Rusiya hərbçilərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən bölgələrdə yerləşdirilən partlayıcı vasitələrin təmizlənməsinə də dəstək verdiklərini bildirib.
O yanvar ayında Türkiyə və Azərbaycanın birgə fəaliyyəti nəticəsində 5236 kvadratmetr, təmizləmə işləri başlayandan bu günədək isə 132 kvadratkilometr ərazinin mina və digər partlayıcı vasitələrdən təmizləndiyini, bu çərçivədə indiyədək 1630 azərbaycanlının təlim keçdiyini bildirib.
Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə daxilində və sərhədlərdən kənarda keçirilən antiterror əməliyyatları haqqında məlumat verən P.Kara bildirib ki, bu ilin əvvəlindən keçirilən 18 əməliyyatda 316 terrorçu zərərsizləşdirilib. 2015-ci il iyulun 24-dən etibarən İraq və Suriyanın şimalı da daxil olmaqla, keçirilən əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayı isə 33 min 584 nəfərdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul