Neftçalala pambıqçılar bu il birinci olmağa iddialıdırlar VİDEO
Neftçala, 10 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Neftçala rayonunun pambıq sahələrində ötən ilin sonlarından başlayan şum işləri demək olar ki, yekunlaşmaq üzrədir. Bir neçə sahədə isə artıq lazer üsulu ilə torpağın malalanması işlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafı qarşıya qoyulan əsas məqsədlərdən biridir. Neftçala rayonunda da builki pambıq əkininə ciddi hazırlıq gedir. Ötən il rayonda 6949 hektar sahədə pambıq əkini aparan “ağ qızıl” ustaları 22 min 870 ton məhsul toplayaraq təhvil veriblər. Bu da orta hesabla 32,91 sentner məhsul deməkdir. Məhz bu göstərici Neftçalanı ötən il pambıqçılıq rayonları arasında 2-ci yerdə qərarlaşdırıb. 62 yaşlı pambıqçı Rafael Hüseynov ömrünün 40 ilindən çoxunu bu sahəyə həsr edib. Ötən il 37 hektar pambıq sahəsindən 37 sentner məhsul əldə edən fermer, hazırda pambıq sahələrində lazer üsulu ilə malalama işləri aparır: “Hazırda cari ilin pambıq əkini üçün düzləmə işləri aparırıq. Növbəti il üçün 50 hektar sahədə pambıq əkini nəzərdə tutmuşuq. Bu il ötən ilə nisbətən payız-qış ayları yağmurlu olduğuna görə torpaqlarımız münbitləşib. Məhsuldarlığımız da ötən ilkindən bir qədər yüksək gözlənilir”.
Neftçalanın Cəngən kənd sakini Əli Həmidov da ötənilki məhsuldarlıqdan razı qalan yüzlərlə fermerdən biridir. Bu il pambıq sahəsini genişləndirən fermer artıq şum işlərini başa çatdırıb: “Ötən il üç hektar pambıq əkmişdik. Tarlalardan 18 ton məhsul götürmüşük. Bu il 5 hektar sahədə pambıq əkməyi planlaşdırırıq. Hava şəraitinin bu il yaxşı keçməsi, qarın yağması və yağış bizə imkan verəcək ki, məhsuldarlığı daha da bol, yüksək keyfiyyətlə götürək. Əsasən, biz “Bəyaz Altun” sortu əkirik. Ondan ötrü ki, bizim iqlimə çox münasibdir”.
Bu il Neftçala rayonunda ümumilikdə 8483 hektar ərazidə pambıq əkini nəzərdə tutulub. Artıq bu sahələrdən 7477 hektarında şum işləri yekunlaşıb. Rayonda 2001 istehsalçı 5 müəssisə ilə müqavilə bağlayıb.