Səyyar “ASAN qatar” fevralın 25-nə qədər Ağstafa sakinlərə xidmət edəcək VİDEO
Ağstafa, 12 fevral, Ruslan Novruzoğlu, AZƏRTAC
Səyyar “ASAN qatar” fevralın 1-dən Ağstafa dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, indiyə qədər Ağstafada səyyar xidmət ümumilikdə 12 dəfə gerçəkləşib. Beş dəfə səyyar “ASAN xidmət” avtobusları vasitəsilə, yeddi dəfə isə “ASAN qatar” vasitəsilə 26 minə yaxın vətəndaş müraciəti daxil olub.
Səyyar “ASAN qatar” gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla üç vaqondan ibarətdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
2013-cü ildən həyata keçirilən səyyar “ASAN xidmət” vasitəsilə ümumilikdə 2 milyon 500 mindən çox, 2021-ci il ərzində isə 230 mindən çox vətəndaş müraciəti daxil olub. Ağstafa şəhərindən sonra səyyar “ASAN qatar”ın növbəti dayanacağı Ağdaş rayonu olacaq.
“ASAN xidmət”in fəaliyyət göstərmədiyi rayon və şəhərlərdə səyyar formada xidmət göstəririk. On səyyar avtobusumuz və bir səyyar qatarımız vasitəsilə əhalinin xidmətindəyik. Fevralın 1-dən isə burada - Ağstafa dəmiryol stansiyasında fəaliyyət göstəririk. Fevralın 25-nə qədər vətəndaşlarımızın xidmətində olacağıq”, - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.
Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus və “ASAN qatar” səyyar formada əhaliyə xidmət göstərir. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.