QAN YADDAŞI
Gürcüstanda “Qaradağlı soyqırımı” kitabının təqdimatı keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Qaradağlı faciəsinin növbəti ildönümü ərəfəsində Gürcüstanın paytaxtı Tbilisidə “Qaradağlı soyqırımı” kitabının təqdimatı keçirilmiş və “Azərbaycan həqiqətləri” adlı videoalbom nümayiş etdirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələrdən danışmış və bu hadisələrin Gürcüstanda da hər zaman anıldığını bildirmişdir.
Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Qaradağlı soyqırımı məsələsində hər kəsi daha həssas olmağa, tariximizi dərindən öyrənməyə, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməyə, vətəndaşlıq və milli borcu məsuliyyətlə yerinə yetirməyə çağırmışdır.
Gürcüstanda “Xocalı ayı”na Marneulidən başlanıldığını deyən Qənirə Paşayeva anma tədbirlərinin ölkənin bir çox bölgələrində keçiriləcəyini qeyd etmişdir. Q.Paşayeva bildirmişdir ki, rəhbəri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə həyata keçirdiyi “Azərbaycan həqiqətləri” layihəsi 8 filmdən ibarətdir. Filmlər ingilis dilinə də tərcümə olunub yayılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Mirzəyev azərbaycanlıları bu məsələdə həmrəyliyə çağırmışdır.
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bu faciəvi hadisələri heç vaxt unutmamağı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda davam etməyi, borçalılıların bütün məsələlərdə Azərbaycan ilə həmrəy olduğunu vurğulamışdır.
Meksikanın, Pakistanın, ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımını tanımasının düzgün təbliğatın nəticəsi olduğunu deyən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının karabakhİnfo.com e-jurnalının baş redaktoru Zaur Qəriboğlu bildirmişdir ki, “Azərbaycan həqiqətləri” videoalbomuna sosial şəbəkələrdə və karabakhinfo.com e-jurnalına daxil olmaqla baxmaq olar.
“Qaradağlı soyqırımı” kitabı və “Azərbaycan həqiqətləri” videoalbomu Milli Məclisin deputatı Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şaiq Aslanovun birgə müəllifliyi ilə ərsəyə gəlmişdir.