Ələt qəsəbəsində “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, idarəyə Füzuli rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Əbülfəz Suanverdiyevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 6 min manata satmaq istəyən zaman İdarənin Ələt qəsəbəsində yerləşən inzibati ərazisində şübhəli şəxs kimi saxlanılıb. Onun əlindəki çantaya baxış zamanı atəşə yararlı “Kalaşnikov” markalı avtomat silah, 2 daraq və 60 patron aşkarlanaraq götürülüb. Ə.Suanverdiyev odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Ə.Suanverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Su Polisi qanunsuz balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin gətirilməsinə çalışan, eləcə də adı “Qırmızı Kitab”a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyənləşdirilərək saxlanılması istiqamətində tədbirləri davam etdirir. Balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, dövlət rüsumu ödəməklə kvotalar əldə edərək icazə verilən dövrlərdə müəyyən çəkidə və qaydalara uyğun balıq ovu ilə məşğul olmaq mümkündür.
İdarənin əməkdaşları tərəfindən, həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi aparılır.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012 433-38-12 və 433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.