Sularımız bundan sonra daha gur axacaq – Bu gün Novruzun ilki olan Su çərşənbəsidir VİDEO
İmişli, 22 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün ölkəmizdə Novruzun əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir. Su çərşənbəsi Baharın ilk müjdəçilərindəndir. İllər boyu insanlar Su çərşənbəsində inanclara uyğun olaraq bir çox mərasimlər keçiriblər.
Su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaratmışdır. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “Əzəl çərşənbə”, “Gül çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində el arasında su ilə bağlı ayinlər, mərasimlər də keçirilərdi.
İmişlinin Qızılkənd sakini, 73 yaşlı Allahyar Bayramov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Su çərşənbəsinin unudulmaqda olan ənənələrindən danışıb. 47 il dil-ədəbiyyat müəllimi işləyən Allahyar Bayramov bu müddətdə xalqımızın qədim bayramlarından olan Novruzla bağlı adət-ənənələri hər zaman şagirdlərinə təbliğ edib. Su çərşənbəsi ilə bağlı xoş xatirələrini yada salan Allahyar müəllim deyir ki, Su çərşənbəsi həm Novruzun gəlişini birinci bildirir, həm də suyun bəşəriyyət üçün vacibliyini bir daha insanlara xatırladır: “Su həyat deməkdir, hətta insanlar arzularına çatmaları üçün istəklərini suya danışarlar. Biz də hər dəfə Su çərşənbəsində gün çıxmazdan əvvəl su kanalının üstünə gedərdik. İnanca uyğun olaraq, təzə sudan üzümüzə çəkər, arzu-istək diləyib, o arzulara qovuşacağımıza inanırdıq. Kəndin bütün gəncləri su kənarına yığılar, əylənərək Su çərşənbəsini qeyd edərdik”.
Ağsaqqal bildirir ki, həmin gün hər kəs su üzərindən keçərdi. İnanca görə, Su çərşənbəsində su üzərindən keçən şəxs həmin il xəstəlikdən uzaq olar, növbəti ili daha sağlam keçirər. Həmçinin axar su daim təzələndiyinə görə ondan götürülüb həyət-bacaya səpilərdi. Bu isə suyun bolluq, saflıq gətirməsi anlamı verirdi.
Digər müsahibimiz isə Xocavənd rayon sakini Samirə Hüseynovadır. Əslən Xocavənd rayonunun Tuğ kəndindən olan Samirə xanım coğrafiya müəlliməsidir. Onun sözlərinə görə, Su çərşənbəsi Yerin yaranışı ilə əlaqələndirilir. Çünki dünya yarandıqda belə əvvəlcə okeanlar əmələ gəlib. Su çərşənbəsinin “Əzəl çərşənbə” adlandırılması da buradan qaynaqlanır.
“Uşaqlıqda, Xocavənddə yaşadığımız zamanlar böyüklərimiz bizlərə Novruz adətlərini öyrədər və biz də onları yerinə yetirərdik. Su çərşənbəsində səhər açılmazdan bulaq başına gedər, əl-üzümüzü yuduqdan sonra səhənglərlə evə su gətirib həyətə-bacaya səpərdik. İnanca görə, bununla həyət-bacada paklık olardı. Həmçinin qızlar saçlarından kəsib suya atmaqla qismətlərinin açılmasını arzulayardılar. Bundan başqa, qızlar bulaqdan, çeşmədən götürülən suyu kasalara doldurar, saçlarından kəsib üzüyə bağlayar və suya salardılar. Həmin üzüyün suda neçə dəfə fırlanması ilə ailə quracaqları vaxtı da ona uyğun əlaqələndirərdilər”, - deyə Xocavənd sakini əlavə edib.
Samirə müəllimə deyir ki, uşaqlıq xatirələrinin olduğu doğma torpaqlarımız artıq düşmən tapdağından azad edilib: “İndi azad olunan torpaqlarımızda böyük tikinti-quruculuq işləri görülür. Bundan sonra bu bayramlar bizim üçün daha fərqli, daha möhtəşəm keçəcək. İnanırıq ki, yaxın gələcəkdə öz doğma yurdumuza qayıdıb, bu adətlərimizi el-obamızda yenidən qeyd edəcəyik. Sularımız bundan sonra daha gur axacaq”, - deyə Samirə müəllimə bildirib.
Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə İlaxır - Torpaq çərşənbəsi qeyd ediləcək. Yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən bu il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.