CƏMİYYƏT


“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqləndi

“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqləndi

Bakı, 9 dekabr, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat təşkil edir. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təklif edilmişdi.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirlərinin 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyon 978 min manat müəyyənləşdirilməsi ölkə tarixinin ən yüksək göstəricisi hesab olunur.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat müəyyənləşdirilir. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təklif edilmişdi.

Dövlət büdcəsinin kəsiri 2 milyard 579,9 milyon manat, neftin bir barelinin orta illik qiyməti isə 50 dollar müəyyən edilib. Növbəti ildə inflyasiyanın orta illik göstəricisinin 6,9 faiz, Ümumi Daxili Məhsulun real artım tempinin 2,7 faiz, orta aylıq əməkhaqqının isə 898 manat olacağı proqnozlaşdırılır.

Qanun layihəsinin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 300 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 750 000,0 min manat proqnozlaşdırılır. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 1 000 000,0 min manat məbləğində müəyyənləşdirilir.

Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 37 949 346,5 min manat müəyyən edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2023-cü il icmal büdcəsi kəsirinin yuxarı həddinin məbləği 13 934 535,0 min manat məbləğində müəyyən edilir.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində sosial xərclərin 45,7 faizə çatması planlaşdırılır ki, bu da cari illə müqayisədə 1 milyard 300 milyon manat çoxdur.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.