“YAŞAT” Fondu 35 gün əsrlikdə qalan qazi Şərif Əliyevin ailəsini sevindirib VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Vətənin müdafiəsi uğrunda yaralananların və şəhidlərin ailə üzvlərinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fondu növbəti qazi ailəsini sevindirib. Fond Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Vətən müharibəsi qazisi Şərif Əliyevin mənzil şəraitinin yaxşılaşdırılmasına dəstək göstərib.
AZƏRTAC xəbər verir ki, Şərif Əliyev 2020-ci il oktyabrın 4-də Murovdağ istiqamətində döyüşlərə qatılıb. Daha sonra isə noyabrın 8-nə qədər əsasən Xocavənd istiqamətində döyüşüb.
Digər 4 döyüş yoldaşı ilə yüksəklikdə qalan Şərif elə oradaca 6-sı ayağından, 1-i isə döş qəfəsindən olmaqla, ümumilikdə 7 güllə yarası alıb. Güllə atəşi nəticəsində döyüş yoldaşları şəhid olub. Daha sonra minomyot atəşi nəticəsində bədəninin müxtəlif nahiyələrinə qəlpələr dolan qazi özünü itirib.
“Təxminən bir saatdan sonra ayıldım və hiss etdim ki, iki nəfər erməni mənim üstümü yoxlayırlar. Onlar getdilər, mənim şəhid olduğumu düşündülər. Yenə bir neçə saat keçdikdən sonra isə 3-4 erməni gəlib məni yoxladı, yenə sağ olduğumu başa düşməyib çıxıb getdilər. Həmin ermənilər getdikdən sonra bir daha minomyot atəşi açıldı və mən huşumu itirdim. Bir neçə saat sonra məni kiminsə sürüyərək həmin ərazidən çıxardığını hiss etdim. Elə bilirdim ki, neytralda qaldığım üçün öz əsgərlərimiz məni xilas edir. Sən demə, ermənilər imiş… Sonra yenə özümdə olmamışam, hava soyuq olduğu üçün jaketin düymələrini axıracan bağlamışdım. Gecə jaketin düyməsini qoparıb çıxaranda onlar da mənim sağ olduğumu bildilər və 25-30 nəfər gəlib, məni təpədən sürüyə-sürüyə aşağı saldılar, məni zindan kimi bir yerə saldılar. Dekabrın 14-ü səhər saatlarında rütbəlilər gələrək bizə öz hospitallarına məxsus geyimlər verdilər. Təyyarəyə minəndə Azərbaycana gəldiyimizi bilmirdik, Bakıya enəndə belə harada olduğumuzu əvvəlcə anlaya bilmədik. Sonra bizə məlumat verdilər, sevincimizin həddi-hüdudu yox idi. Demə, elə biz əsr düşən günü müharibə başa çatıbmış… Amma biz Bakıya gələnə qədər hələ də müharibənin başa çatdığından xəbərsiz idik. Ermənilərdən arabir soruşsaq da, bizə dəqiq məlumat vermirdilər”.
Qazi onun bütün müalicə xərclərini ödədiyinə görə dövlətdən razılığını ifadə edib. O, “YAŞAT” Fondunun ayırdığı maliyyə vəsaiti ilə evlərində təmir-bərpa işlərinin aparılmasından məmnunluğunu bildirib: “YAŞAT” Fondu bizim müraciətimizə müsbət cavab verdi və mənzil şəraitimizin yaxşılaşdırılması üçün dəstək oldu. Dövlət, eləcə də “YAŞAT” Fondu müharibədən bir müddət keçməsinə baxmayaraq, hələ də qazilərimizə, müharibə iştirakçılarına kömək edir, əllərindən gələni əsirgəmirlər. Biz də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında inamla döyüşmüşük, indi isə qalib əsgər kimi qürurluyuq. Uzun müddət işğal altında qalan torpaqlara gedib çıxa bilmək başqa hissdir. Onsuz da, müharibə dövründə də bizim içimizdə qorxu hissi yox idi, daim hücumda idik. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərə isə şəfa diləyirəm. Sağ olsun, var olsun Azərbaycan xalqı!”.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid olanların ailə üzvlərinin təminatına dəstək məqsədi daşıyan “YAŞAT” Fondu ötən il dekabrın 8-də təsis edilib.