Nizami rayonunda su sayğacının içərisində narkotik vasitə gizlədən şəxs tutularaq məsuliyyətə cəlb olunub VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Paytaxtın Nizami Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini Orxan Məmmədov saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 3 kiloqram marixuana aşkar edilib. Aparılan araşdırmalar zamanı Orxan Məmmədovun Nizami rayonu ərazisində binalardan birinin girişində su sayğacının içərisində gizlətdiyi 60 qram narkotik vasitə də aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslə bağlı aparılan tədbirlərlə müəyyən edilib ki, Orxan Məmmədov xarici ölkələrdə yaşayan narkotacirlərdən biri tərəfindən narkotik vasitələrin satışını təşkil etmək üçün narkokuryerliyə cəlb olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.