Salyanın bağlarında budama işləri yekunlaşmaq üzrədir VİDEO
Salyan, 25 fevral, İsmayıl Cəfərli, AZƏRTAC
Yaz fəsli yaxınlaşdıqca bağlarda budama işləri intensivləşir. Məhz bu mövsümdə ağacların quru budaqları təmizlənir, onlara qulluq göstərilir. Salyanda da həyətyanı sahələrdə budama işləri demək olar ki, yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, meyvə bağlarında ağacların becərilməsi və budanması işləri son mərhələdədir. Havaların əlverişli keçməsindən istifadə edən fərdi təsərrüfat sahibləri budama işlərinə xüsusi diqqət göstərirlər. Bu zaman quru və lazımsız budaqlar kəsilir, əsasən bar verən və cavan budaqlar saxlanılır. Mütəxəssislərin fikrincə, budama qışdan çıxan ağaclara göstərilən ilk aqrotexniki qulluqdur. Vaxtında aparılan budama gələcəkdə məhsuldarlığa müsbət təsir göstərir.
Bağ sahibi Ərzuman Əsgərov deyib: “Budama ona görə aparılır ki, gələcəkdə ağac bar verəndə və yaxud çiçək açanda, o ağacda qüvvə yaxşı olsun və yaxşı inkişaf eləsin. Ona görə də biz hər il mövsüm vaxtı ağacları budayırıq”.
Budama ilə yanaşı, ağacların dibinin yumşaldılması işləri də görülür. Ağaclara yaxşı qulluq göstərilməsi bazara çıxarılacaq sağlam və bol meyvə deməkdir.
Ənvər Hüseynovun da bağı var. O, budanma prosesinin Novruz bayramına qədər başa çatmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, son illər Salyanda meyvəçilik inkişaf dövrünü yaşayır. Dövlətin kənd təsərrüfatının inkişafına göstərdiyi qayğı bu sahəyə marağı ildən-ilə artırmaqdadır. Belə ki, Salyanda narçılığın inkişaf etdirilməsi üçün əlverişli coğrafi şərait olduğundan son 5 ildə 800 hektardan çox ərazidə yeni nar bağları salınıb. Bundan başqa, rayon ərazisində qoz, heyva, üzüm, alma, gilas bağlarının salınması da intensivləşib. Meyvə bağlarının ümumi sahəsi 893 hektardır. Ötən il salyanlı təsərrüfatçılar bağlardan 4 min tondan çox məhsul tədarük ediblər.