İQTİSADİYYAT
2030-cu ilədək AES-lərin gücü 500 min meqavatı ötəcək
Bakı, 16 mart, AZƏRTAC
Qlobal elektrik enerjisi istehsalının 10 faizini təmin edən və enerji təchizatı təhlükəsizliyi baxımından etibarlı mənbə kimi seçilən atom elektrik stansiyalarının (AES) gücünün 2030-cu ilədək 500 min meqavatı ötəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, 33 ölkədə fəaliyyət göstərən 443 nüvə reaktorunun ümumi qoyuluş gücü təxminən 400 min meqavatdır.
ABŞ 96 min 553 meqavat qoyuluş gücü olan 94 nüvə reaktoru ilə birinci, Fransa isə 61 min 370 meqavatlıq 56 reaktorla ikinci yerdədir. Bu ölkələri 47 min 498 meqavatlıq 49 nüvə reaktoru ilə Çin, 28 min 578 meqavatlıq 38 reaktorla Rusiya, 31 min 679 meqavatlıq 33 reaktorla Yaponiya, 23 min 150 meqavatlıq 24 reaktorla Cənubi Koreya izləyir.
Dünyada artan elektrik enerjisi tələbatının ödənilməsində ikinci ən aşağı karbon mənbəyi olan nüvə enerjisi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Avropa İttifaqında elektrik enerjisi istehsalında AES-lərin payı 24,6 faizdir
Fransa elektrik enerjisi tələbatının təxminən 70 faizini, Slovakiya və Ukrayna 54 faizini, Macarıstan 49 faizini və Belçika isə 47 faizini AES-lərin hesabına təmin edir.
2019-cu ilin sonuna Avropa İttifaqı ölkələrində elektrik enerjisi istehsalında nüvə enerjisinin payı 24,6 faiz olub, ABŞ-ın ümumi elektrik istehsalının təxminən 20 faizi isə AES-lərin payına düşür.
Neftlə zəngin Birləşmiş Ərəb Əmirlikləri ötən il ilk AES-i işə salıb
Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, keçən il dünyada təqribən 8000 meqavat nüvə enerji gücü istismara verildiyi halda, Belarus və neftlə zəngin ölkələr sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk AES-ləri ötən il fəaliyyətə başlayıb.
Bu dövrdə Çin və Rusiyada da yeni AES-lər istismara verilib.
Dünyada təxminən 53 min meqavat gücə malik stansiyaların inşası hazırda davam edir, ümumilikdə 69 min meqavatlıq gücündə olan AES-lərin investisiya planı mövcuddur.
Çin 5 ildə 20 mindən meqavatdan çox enerji gücü yaratmaq planı ilə bu ölkələr arasında birinci yeri tutur.
2030-cu ildə AES-lərin elektrik enerjisi istehsalındakı payı 15 faizə çatacaq
Digər tərəfdən, hazırda elektrik istehsalında payı 10 faiz olan AES-lərin payının 2030-cu ilə qədər 15 faizə çatacağı proqnozlaşdırılır.
İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində təmiz enerji mənbəyi olaraq görülən nüvə enerjisinin ümumi quraşdırılmış gücünün isə 2030-cu ildə 500 min meqavatı ötəcəyi gözlənilir.