Xaçmazlılara “Zəfər ətirli Novruzum” adlı bayram tədbiri təqdim olunub VİDEO
Xaçmaz, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmazlılara “Zəfər ətirli Novruzum” adlı bayram tədbiri təqdim olunub. Səhər saatlarından başlayaraq zurnaçılar şəhər sakinlərini el şənliyinə dəvət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin qarşısında bayram tonqalı alovlandırılıb.
Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhvali-ruhiyyə yaradıb, Bahar qızı, milli geyimli gənclər tonqal ətrafında rəqs ediblər.
Bayram təntənəsi Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilib. Mərkəzin foyesində bayram xonçalarından, milli geyimlərdən, kənd təsərrüfatı və sənaye məhsullarından, həmçinin əl işlərindən ibarət sərgi təşkil olunub. Bayram mərasiminin iştirakçıları yerli folklor qruplarının çıxışlarını izləmək imkanı qazanıblar.
Bayram tədbirində çıxış edənlər Novruzun gəlişi münasibətilə Xaçmaz sakinlərini təbrik edib, xalqımıza xoş günlər, firavan həyat arzulayıblar.
Şux bayram rəqsləri, folklor qruplarının, Kosa və Keçəlin çıxışları, rəngarəng mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.