MƏDƏNİYYƏT
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib VİDEO
Daşkənd, 18 mart, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Türkiyə səfirliyinin diplomatları, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, diasporumuzun üzvləri, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
AMM-nin foyesində təşkil olunan sərgidə Novruz bayramı, “Şuşa İli” ilə əlaqədar, habelə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar haqqında nəşrlər və milli mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib. Qonaqlar Bahar bayramı münasibətilə Mədəniyyət Mərkəzində açılmış “Bahar çələngi” sərgisi ilə də tanış olublar.
İştirakçılar Novruza dair bayram xonçaları, şirniyyatlar, şəkərbura, paxlavaya qonaq ediliblər.
AMM-nin direktoru Samir Abbasov milli bayramımız olan Novruzun Azərbaycanda, Özbəkistanda, eləcə də türk dünyası ölkələrində qeyd olunması, dilimiz, dinimiz, soykökümüz, mədəniyyətimiz, adət-ənənələrimiz kimi ortaq bayramlarımızın da xalqlarımızı birləşdirdiyini söyləyib.
O, tarixi faktlardan sitat gətirərək Novruzun türk dünyasında qədimdən qeyd olunduğunu, Mahmud Kaşğarinin "Divani lüğət-it-türk"əsərində, Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarında, Əbu Reyhan Biruni, Əlişir Nəvai, Zəhiriddin Baburun əsərlərində bu bayram haqqında məlumatların öz əksini tapdığını vurğulayıb.
S. Abbasov xalqlarımızın qədimliyini, zəngin mədəniyyətini, adət və ənənələrini nümayiş etdirən Novruz bayramının Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, dosenti Adxambek Olimbekov Azərbaycanın təşəbbüsü, Özbəkistanın və bir sıra digər dövlətlərin dəstəyi ilə BMT Baş Məclisinin yekdilliklə martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi tanıması ilə əlaqədar qətnamə qəbul etdiyini söyləyərək, Novruzun sülhə, dostluğa, əmin-amanlığa çağırış, yenilik və barış bayramı olduğunu qeyd ediblər.
Tədbirin bədii hissəsində AMM-nin hazırladığı, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Dostluğun mədhi” musiqi klipi nümayiş etdirilib. Klipdəki musiqi Özbəkistanın Xalq artisti Ramiz Usmanov və Dövlət Uşaq Filarmoniyasının Xor kapellası tərəfindən ifa olunub.
Bayram tədbiri Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin tələbələrinin şeir kompozisiyası ilə davam edib, tələbələr Novruz bayramı və Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər.
Özbəkistanın dünyada tanınmış, məşhur “Uzbegim Yoshları” musiqi qrupu tərəfindən Azərbaycan və özbək mahnıları ifa olunub, Mədəniyyət Mərkəzinin nəzdindəki Kövkəb Aliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd