MƏDƏNİYYƏT
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib VİDEO
Paris, 18 mart, AZƏRTAC
Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə xalqımızın milli adət-ənənələrini və mənəvi dəyərimizi özündə ehtiva edən Novruz bayramı Parisdə səfirliyimizin Mədəniyyət Mərkəzində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Novruz fəlsəfəsinin əsasında birliyik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğunu nəzərə alaraq, bayram tədbirində Fransada yaşayan Azərbaycan icmasının, eləcə də yerli ictimaiyyətin üzvləri iştirak ediblər.
Novruz bayramı ilə bağlı adət-ənənələrimizdən danışan soydaşlarımız harada yaşmalarından asılı olmayaraq bayramın bütün azərbaycanlıları birləşdirdiyini xüsusi vurğulayıblar. Novruz xonçası tədbirə xoş əhvali-ruhiyyə qatıb.
Tədbirdə Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunduğundan, Prezident İlham Əliyevin hər il bu bayramla əlaqədar xalqımızı təbrik etməsindən söz açılıb.
Səfirliyimizin diplomatı Günel Zülfüqarova soydaşlarımızı təbrik edərək, Novruz süfrəsinə dəvət edib.
Tədbir iştirakçıları Novruz süfrəsində milli mətbəximizə və şirniyyatlara qonaq edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris