CƏMİYYƏT
Türkiyədə müalicə alan qazilərimiz üçün təntənəli bayram proqramı təşkil olunub VİDEO
İstanbul, 19 mart, AZƏRTAC
Martın 19-da Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində hərbi attaşelik aparatı tərəfindən Novruz bayramı münasibətilə Türkiyədə müalicə alan və reabilitasiya prosesi keçən qazilərimiz üçün Bursa şəhərində təntənəli bayram mərasimi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bursanın əzəmətli “Sheraton” otelində təşkil olunan bayram şənliyində Ankara, Kocaeli və Bursa şəhərlərində bərpa və müalicə prosesi keçən qazilərimiz, eləcə də onların ailə üzvləri, qazilərimizi müalicə edən həkimlər və digər tibb işçiləri, Bursada təhsil alan tələbələrimiz, habelə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.
Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bayram münasibətilə Şuşadan xalqımıza təbrik mesajı və qazilərimizin Türkiyədəki müalicələrini özündə əks etdirən videoçarxlar nümayiş olunub.
Mərasimdə çıxış edən səfir Rəşad Məmmədov Novruz bayramının tarixçəsi və türk dünyası üçün əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan artıq ikinci ildir ki, bu bayramı işğaldan azad olunan torpaqlarında qeyd edir. Bir azərbaycanlı olaraq qazilərimizin müalicəsinə dəstək verən “YAŞAT” Fonduna və onları müalicə edən tibb işçilərinə təşəkkürünü ifadə edən səfir qazilərimizin tezliklə sağalaraq Vətənə dönmələrini diləyib.
Bursa valisinin müavini Süleyman Çelik, Bursa Bələdiyyəsinin sədrinin müavini Halil Serdar Cevheroğlu, Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfər, Novruz adət-ənənələri, bu bayramın xalqlarımız üçün kəsb etdiyi əhəmiyyətdən danışıblar.
Tədbirdə iştirak edən qazilərimiz öz növbələrində həmvətənlərimizi Novruz bayramı münasibətilə təbrik ediblər. Sağalaraq ayağa qalxacaqlarına böyük inam bəslədiklərini ifadə edən qazilərimiz hər zaman Ali Baş Komandanın əmrində, Vətənimizin müdafiəsinə daima hazır olduqlarını deyiblər.
Bədii hissədə Azərbaycandan gələn musiqi qrupu bayram mərasimində milli musiqimizin nümunələri ilə qəhrəman qazilərimizin könlünü oxşayaraq bayramlarını təbrik edib. Şənlikdə Azərbaycan milli rəqsləri ilə yanaşı milli mətbəximizin ən gözəl nümunələri, eləcə də Novruz bayramına aid şirniyyatlar qonaqlara təqdim olunub, bayramın əsas atributları sayılan “kosa” ilə “keçəl” mərasimdə iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın 44 günlük Vətən müharibəsi, bu müharibədə əldə edilən şanlı Zəfər və qazilərimizin müalicə prosesini özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul