MƏDƏNİYYƏT
Özbəkistanın Termez Universitetindəki görüşdə Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıq məsələlərindən danışılıb VİDEO
Daşkənd, 13 aprel, АZƏRTAC
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, hər iki ölkənin mədəniyyət nazirliklərinin dəstəyi ilə Özbəkistanın Surxandərya vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri davam edir.
AZƏRTAC xəbər verir ki, Termez şəhərində keçirilən mədəniyyət günlərində Azərbaycandan gələn qonaqlar, bu ali məktəbin professor-müəllim heyəti iştirak edib.
Əvvəlcə Termez Dövlət Universitetində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib.
Universitetin rektoru, professor Avazjon Maraximov qonaqları salamlayıb, universitet haqqında məlumat verərək bildirib ki, bu ali məktəb 1950-ci ildən fəaliyyətə başlayıb. Rektor Azərbaycanın universitetləri ilə əlaqələrindən danışıb, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyinə toxunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb. Deputat Termez Dövlət Universiteti ilə Azərbaycanın ali məktəbləri arasında müəllim və tələbə mübadiləsinin aparılması məsələsinə toxunub.
Komitə sədri 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın qaytarıldığını, qədim Şuşa şəhərinin azad olunduğunu bildirib. Q.Paşayeva işğaldan azad olunan şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu, məscidlərin və digər tarixi abidələrin dağıdıldığını diqqətə çatdırıb. O deyib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə bu il Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtı elan edilib. 2023-cü ildə isə Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq. Bu haqda müvafiq qərar artıq verilib.
AMM-nin direktoru Samir Abbasov bildirib ki, Azərbaycan şairlərinin əsərləri vaxtaşırı özbək dilində çap olunub, Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə edilib. S. Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunduğunu və bu münasibətlə Mədəniyyət Mərkəzinin layihəsi ilə Termez Dövlət Universitetində Xurşidbanu Natəvan adına Azərbaycan ocağının yaradıldığını vurğulayıb. S.Abbasov yaradılan mərkəzin gələcək fəaliyyəti və Özbəkistanda yaradılan bu cür mərkəzlərin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına xidmət etdiyini qeyd edib. O gələcəkdə Özbəkistandakı universitetlərdə yaradılan bu ocaqlarda onlayn Azərbaycan dili kurslarının təşkil ediləcəyini, birgə konfrans və görüşlərin keçiriləcəyini söyləyib.
Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli nazirlik tərəfindən kitabxanalar arasında onlayn platformanın yaradılacağını və sözügedən platformaya Özbəkistan kitabxanalarının, o cümlədən Termez Dövlət Universitetinin də qoşulmasını, cari ilin oktyabr ayında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Universitetinin də iştirakını təklif edib.
Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Gəncə şəhəri haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Ermənistan tərəfdən bu qədim şəhərin raket atəşinə tutulması, dinc sakinlərin, o cümlədən uşaqların öldürülməsi haqqında məlumat verib. O, Gəncə şəhərində “Nəvai günü”, Termezdə isə “Nizami günü” keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Sonra Universitetin böyük salonunda tələbələrlə görüş keçirilib, çıxışlar olub. İki ölkə arasında dostluq, əməkdaşlıq məsələləri, bu istiqamətdə həyata keçiriləcək işlər barədə məlumatlar verilib, Azərbaycan nümayəndə heyəti adından universitetə hədiyyələr bağışlanıb.
Tədbirin bədii hissəsində azərbaycanlı sənətçilər çıxış edib. Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova muğam və xalq mahnıları və təsniflərimizi, aşıq İlham Abdullayev saz havalarını, AMM-nin nəzdindəki Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd