20 Yanvar – xalqımızın müstəqillik mübarizəsinin dönüş nöqtəsi
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Müasir tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədakarlıq göstəriblər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazıblar.
Akademik G.Baxşəliyeva qeyd edib: “Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olunub. Əslində, bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”.
Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva bildirib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərib.
Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, İran tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Saleh Dostəliyev və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər.