20 YANVAR AKSİYASI BEYNƏLXALQ HÜQUQUN PRİNSİPLƏRİNİN KOBUD ŞƏKİLDƏ POZULMASI İDİ
Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, həmin hərəkətlər beynəlxalq hüququn “jus cogens” prinsiplərinə, yəni beynəlxalq birliyin mənafeyinə xidmət edən, yerinə yetirilməsi bütün dövlətlər üçün vacib (imperativ) sayılan beynəlxalq hüquq normalarına ziddir. İnstitutun ekspertləri təhqiqatlar aparıb 14 il əvvəl yol verilmiş pozuntuları müəyyənləşdirmişlər. Belə ki, keçmiş SSRİ dövləti ilk növbədə, BMT Nizamnaməsinin 1,55 və 56-cı maddələrini, İnsan Hüquqlarının Ümumi Bəyannaməsini (1948-ci il), iştirakçısı olduğu Mülki və Siyasi Hüquqların Beynəlxalq Paktını (1966-cı il) kobud şəkildə pozmuşdur. Sonuncu sənədin 6-cı maddəsində “Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur”, 7-ci maddəsində “Heç kəs işgəncələrə, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır” fikri təsbit edilmişdir. Bu Paktın 9-cu maddəsinə görə, hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Qanunsuz olaraq azadlıqdan məhrum edilmiş şəxslərin uzun müddət harada olmasının gizli saxlanılması, onlarla qeyri-qanuni rəftar Paktın 10-cu maddəsinə, əhalinin ölkə daxilində sərbəst hərəkətinin uzun müddət məhdudlaşdırılması 12-ci maddəsinə ziddir. 20 Yanvar aksiyası ilə həmçinin İşgəncələr və Digər Qəddar, Qeyri-İnsani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza Əleyhinə Konvensiyanın (1984-cü il), Uşaq Hüquqları Konvensiyasının (1989-cu il) müddəaları kobud surətdə pozulmuşdur.