20 Yanvar faciəsi xalqımıza qarşı yönəldilən məkrli siyasətin növbəti təzahürü idi
Zərdab, 21 yanvar (AZƏRTAC). Zərdabda 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibətilə ümumrayon anma mərasimi keçirilmişdir.
Rayon rəhbərlərinin, müxtəlif nəslin təmsilçiləri olan ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə şəhidlərin Xatirə parkına gələrək abidə önünə çiçəklər qoymuş, faciə qurbanlarının xatirəsini yad etmişlər.
Sonra mərasim iştirakçıları burada təşkil olunmuş kitab və rəsm sərgilərinə baxmışlar.
Mərasimdə çıxış edənlər 1990-cı il 20 Yanvar faciəsini XX əsr boyu xalqımıza qarşı yönəldilən düşünülmüş məkrli siyasətin növbəti təzahürü kimi səciyyələndirmişlər. Qeyd olunmuşdur ki, ermənipərəst sovet imperiyası rəhbərlərinin himayədarlığı ilə başlanan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistandakı əzəli torpaqlarından deportasiyası, soydaşlarımıza qarşı soyqırımı məhz bu məkrli siyasətin mərhələləri idi.
20 Yanvar faciəsinin həm də Azərbaycanın azadlığı uğrunda mübarizənin şanlı tarixi olduğunu qeyd edən natiqlər faciə qurbanlarının əziz xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulamışlar.
Ümumxalq Hüzn Günündə rayon ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.