QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstanda yad edilmişdir
Bakı, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixində ümumxalq hüzn günü kimi iz buraxmış 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Gürcüstanda da anma mərasimləri keçirilmişdir. Tbilisidə keçirilmiş mərasimdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ruhlarına dualar oxunmuşdur.
Azadlıq, müstəqillik uğrunda şəhid olanların əziz xatirəsini unutmayaq, unutsaq unudularıq şüarları səsləndirilmişdir.
Kaxeti bölgəsinin Saqareco rayonunda, azərbaycanlılar yaşayan Qaraçöp mahalında 20 Yanvar Bakı şəhidlərinin və 9 Aprel Tbilisi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önündə də anma mərasimi keçirilmişdir.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin əməkdaşı Şövqi Mehdizadə bu abidənin ətrafının abadlaşdırılması layihəsini təqdim etmişdir. Layihə yerli ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır.
Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanın paytaxtı Bakıda və respublikanın rayonlarında törətdiyi qırğınların səbəb və nəticələri barədə ətraflı məlumat vermişdir.
Gürcüstan parlamentinin komitə sədri Qiqla Aqulaşvili demişdir ki, bu abidə Azərbaycan və gürcü xalqlarının tarixi qardaşlığının təcəssümüdür. Deputat bu günün hər iki xalqın həm fəxri, həm də kədər günü olduğunu qeyd etmiş, şəhid qanı hesabına qazanılmış müstəqilliyin qorunmasında hamını birliyə çağırmışdır.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev 20 Yanvar və 9 Aprel faciələrinin xalqlarımızın qəhrəmanlıq tarixinin unudulmaz salnaməsi olduğunu qeyd etmişdir.
Professor Fərhad Xubanlı, İsmayıl Həmzəyev, Nizami Şərifov, İsmixan Məmmədov və başqaları 20 Yanvar və 9 Aprel faciələrinin hər iki xalqın ortaq dərdi və ortaq fəxri olduğuna diqqəti çəkmiş, müasir gəncliyi qan yaddaşımızı unutmamağa çağırmışlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi