QAN YADDAŞI
20 Yanvar şəhidlərinin xatirəsi Vyanada ehtiramla yad edilmişdir
Vyana, 20 yanvar (AZƏRTAC). Vyanada yerləşən və Azərbaycan icmasına məxsus “Əl-Mehdi” məscidində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edənlər öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan insanların göstərdiyi fədakarlıqdan bəhs etmiş, bu qəhrəmanlığın gələcək nəsillər üçün örnək olduğunu qeyd etmişlər.
Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Rövşən Mirzəxanlı dövlətimizin müstəqilliyi və torpaqlarımızın qorunması uğrunda şəhid olan insanların qürur mənbəyi olduğunu, xarici ölkələrdə yaşayan soydaşlarımızın belə günləri diqqətdə saxladığını təqdir etmişdir.
Sonra mərasimdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən oğullarının ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.
X X X
Vyanada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin təşəbbüsü ilə Avstriya Atatürkçü Düşüncə Dərnəyində (AADD) də Qanlı Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir.
AADD sədrinin müavini Özgür Akyürek çıxışında Qanlı Yanvar hadisələrinin türk dünyasının tarixindəki roluna, Azərbaycanın müstəqilliyinə qovuşmasındakı əhəmiyyətinə toxunmuşdur.
Azərbaycanın Avstriyadakı səfirliyinin birinci katibi Rəmzi Teymurov tədbirdə çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsindəki əhəmiyyətli rolundan danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar faciəsi xalqımızın ən ağrılı faciələrindən biri olsa da, həm də Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur. Azərbaycanın müstəqilliyinin bərpası yolunda şərəfli bir səhifəyə çevrilmişdir. Həmin hadisələr SSRİ-nin süqutunu sürətləndirməklə yanaşı, SSRİ tərkibində olan türk respublikalarında, eləcə də digər müttəfiq respublikalarda gedən istiqlaliyyət mübarizəsinə güclü təkan vermişdir.
Sonra 20 Yanvar hadisələri haqqında hazırlanmış sənədli film nümayiş olunmuşdur.
Qeyd edək ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi 20 Yanvar hadisələri ilə bağlı bəyanat yaymışdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana