20 Yanvardan başlanan azadlıq yolu...
Bakı, 18 yanvar, AZƏRTAC
1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Bunlar bir-birinin məntiqi davamıdır. 1980-ci illərin sonlarında yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə edən ermənilər himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirdilər. O zaman Kremldə yüksək vəzifədə çalışan A.Aqanbekyan Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi təklifini irəli sürdü. Nəticədə həmin dövrdə Ermənistandan yaşayan soydaşlarımız öz tarixi ata-baba yurdlarından kütləvi şəkildə qovulmağa başladılar. Bununla yanaşı, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR ilə birləşdirilməsi haqqında Beynəlxalq hüquqa zidd qərar qəbul etdi. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün tədbirlər görmədi, əksinə, 1990-cı ilin yanvar ayında Azərbaycana xüsusi təlim görmüş ordu yeritdi. Bu hadisələrin gedişi, ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasətinə etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov bildirib. Sovet ordusunun xüsusi təyinatlı bölmələrinin Bakıda və regionlarda törətdiyi qəddarlıq və vəhşiliklərdən danışan alim deyib: “Mən o günlər tələbə idim. Təbii ki, bir gənc kimi küçədə öz azadlıqları uğrunda mübarizə aparan xalqın arasında idim. Bu qanlı hadisələrin bir çoxu mənim gözlərim qarşısında baş verib. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş hərbi və siyasi cinayətdir. Həmin günlər tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən səhifəsidir, Azərbaycanın sonrakı taleyinə ciddi təsiri olan dönüş anıdır”.
O bildirib ki, 20 Yanvar faciəsi dünya azərbaycanlılarının təşkilatlanmasına gətirib çıxardı və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm böyük əhəmiyyət kəsb etdi.
“O zaman Azərbaycanın haqq səsini dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Sonrakı illərdə əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə öz növbəsində müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı. Xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini tarixi Zəfərlə yekunlaşdırdı. 33 il bundan qabaq başlayan azadlıq mübarizəsi Qarabağın azad olunmasına gətirib çıxardı. Bu gün azad Qarabağın səmasında üçrəngli bayrağımız dalğalanmaqdadır. İnanıram ki, bu yolda canını fəda etmiş şəhidlərimizin ruhu da rahatdır”, - deyə Ə.Zalov fikrini yekunlaşdırıb.