REGİONLAR
Şəmkirdə xalçaçıların peşə bayramında 800-cü xalçanın kəsimi olub VİDEO
Şəmkir, 5 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Bu gün - mayın 5-i Azərbaycanda Xalçaçı günüdür. Qədimdən bugünümüzədək xalçaçılıq ənənələri bölgələrimizdə həm yaşadılır, həm də inkişaf etdirilir, yeni xalçaçılıq emalatxanaları yaradılır.
AZƏRTAC xəbər verir ki, Şəmkir xalçaçıları da peşə bayramı günündə özlərinin 800-cü xalçalarını toxuyub başa çatdırıblar. Bu, həm də “Azərxalça”nın filialları arasında ən böyük göstəricidir.
Toxunan 800-cü xalça “Zəfər” adlı Qarabağ xalçasıdır və bu gün xalçanın kəsimi olub.
Artıq bir neçə ildir xalçaçı kimi işləyən xanımlar arasında gəncləri də var, yaşlısı da... Yaşlı xalçaçılar gənclərə məsləhətlərini verir, bilmədiklərini onlara öyrədirlər. Beləcə gözəl xalçalar toxunur. “Mən “Zəfər” xalçasına ilk ilmə vuranlardan olmuşam. Qarabağımıza qovuşduğumuz üçün onun xalçasını da həvəslə toxuduq. O gün olsun ki, Qarabağ torpaqlarımızda xalça zavodlarımız tikilsin. Hazırda qızım da xalça toxuyur. Nəvələrimə də xalça toxumağı öyrətmişəm”, - deyə xalçaçı Solmaz Cəlilova bildirib.
“Azərxalça” ASC-nin Şəmkir filialının rəhbəri Orxan Hümbətov deyib ki, Şəmkir xalça emalatxanası müxtəlif ölçüdə 43 dəzgahdan ibarətdir: “Hər ölçüdə milli xalçalarımız toxunur. Hazırda burada 54 işçi fəaliyyət göstərir. Onlardan 47-si xalçaçıdır, 7-si isə texniki işçidir. 18 yaşdan yuxarı olmaqla, hər yaşda işçimiz var. Bizim xalçaçılar işə götürülməmişdən qabaq öyrədilir, sonra işə götürülür. Təcrübəli xalçaçılarımız da var”.