Şəmkirdəki kanyonvari dərələr görənlərin marağına səbəb olur VİDEO
Şəmkir, 18 iyul, AZƏRTAC
Ölkəmizin hər guşəsi maraqlı relyefi, torpaq quruluşu ilə diqqət çəkir. Şəmkir rayonu ərazisində də insanların marağına səbəb olan belə təbii relyef var ki, minilliklər boyunca antropogen təsirlər olmadan formalaşan kanyonvari dərələrdir. Kür çayının təsirindən yaranan bu kanyonlar əsrarəngiz təbiət mənzərəsi ilə insanları valeh edir. Bir qədər Meksika və amerikadakı kanyonları xatırladan bu məkan tezliklə turizm məkanına da çevrilə bilər.
AZƏRTAC xəbər verir ki, Şəmkirin Ceyrançöl ərazisinə yaxın, Kür çayı ətrafı ərazilərdə dərələr boyunca uzanan ərazini dolaşdıqca labirintli, dərin kanyonvari dərələr maraqlı mənzərə yaradıb. Bu ərazidən keçənləri maraqlı təbiət relyefi qarşılayır.
Bu relyefin formalaşmasında Kür çayının əhəmiyyətli dərəcədə rolu olub. Belə ki, minilliklər boyunca, illər keçdikcə maraqlı bu cür relyef formalaşıb. Ərazidəki kanyonların uzunluğu təxminən 20 kilometr təşkil edir. Dərinlik isə 150 metrdən 300 metrədəkdir.
Mütəxəssislərin fikrincə, kanyonvari dərələr və parçalanmış relyef formaları 4500 il əvvəl burada Kür çayının daşması və ətraf əraziləri su basması səbəbindən yaranıb. Ərazidə həddindən artıq istilərin müşahidə edilməsi yarımsəhra-quru çöl iqlimində yerləşdiyi üçün burada belə relyef formalarına rast gəlinir. Nəticədə isə gördüyünüz bu cür təbii gözəllik yaranıb. Müəllim Elvin Feyzullayevin sözlərinə görə, Şəmkir rayonu ərazisində yerləşən bu kanyonvari dərələr ABŞ-da yerləşən kanyonlara oxşardır. “Füsunkar mənzərəsi olan kanyonvari dərələrə qıraqdan seyr etdikdə buranı sanki insan amili yaratmış kimi fikir formalaşır. Amma bunu təbiətin özü bu cür yaradıb. Yəni burada antropogen landşaft deyil, təbii landşaft formalaşdırmışdır. Ceyrançöl ərazisi yarımsəhra, quru çöl iqlimində yerləşdiyindən buranın flora və faunasından əsasən heyvanat aləmi sürünənlər və dovşan ov məqsədilə də istifadə oluna bilər”, - deyə E.Feyzullayev bildirib.
Şəmkir rayonu ərazisindən Kür çayı 45 kilometr məsafədə uzanır. Kanyonvari dərələr də təqribən 20 kilometr uzanır ki, bu da kifayət qədər uzun bir məsafədir. Bu dərələrin yamaclarında pillələr və ya terraslar yaranır.
Ceyrançölünün bu kanyonvari dərəsində turistlər kamp qura, səyahət edə bilər. Dərələrə düşmək çətin və təhlükəli olsa da, buradakı labirintlərdə gəzinti də etmək mümkündür.