REGİONLAR
Yevlaxda 720 min kubmetr həcmdə lildən təmizləmə işləri görülüb VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
Yevlax rayonunda əkin sahələrini mütəşəkkil, vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci il ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 160 kilometr uzunluğunda, kollektor-drenaj sistemində isə 108 kilometr uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək su ötürücülüyü yaxşılaşdırılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, ümumilikdə idarənin öz gücünə istehsalat nəqliyyatı vasitələrinin hesabına 720 min kubmetr həcmində lildən təmizləmə işləri yerinə yetirilib və illik plan üzrə işlər davam etdirilir. Kollektor-drenaj şəbəkələrində lildən təmizlənməsi nəticəsində şoran torpaqların münbitliyi artırılır və əkinə yararlı vəziyyətə gətirilir.
Yevlaxda əkin sahələri 2 üsulla, mexaniki və özü axımı ilə suvarılır. Öz axımı ilə 29 min 496 hektar, mexaniki üsulla isə 12 min 901 hektar sahə suvarma suyu ilə təmin edilir. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin balansında 81 kilometr beton kanal, 112 kilometr nov kanal, 1015 kilometr torpaq kanallar, 1313 kilometr kollektor-drenaj şəbəkəsi və onlar üzərində 3847 ədəd müxtəlif tipli hidrotexniki qurğular, 89 ədəd subartezian və 5 ədəd artezian quyuları, 612 hektar meşə zolaqları mövcuddur. Rayon ərazisində müxtəlif kəndlərdə yerləşən subartezian quyularından nasazlıq yaranmış 36 ədədində və 14 ədəd nasos stansiyada təmir işləri aparılaraq saz vəziyyətə gətirilib. Yevlax rayon ərazisində 13 min 7 hektar sahədə taxıl bitkisi əkilib və biçin işləri artıq yekunlaşıb. 2702 hektar sahədə isə pambıq bitkisi əkilib. Hazırda əkin sahələrini suvarma suyu ilə təmin edən suvarma kanallarında lildən təmizləmə işləri davam edir. Görülən işlər nəticəsində suyun axını sürətlənir və fermerlərə daha asan və səmərəli çatdırılır.
Qeyd edək ki, Yevlax Suvarma Sistemləri idarəsi Yevlax rayonunun 42 min 397 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır.