İDMAN
Şəfəq Hüseynli: Cari ilin ilk 6 ayı ərzində antidopinq qayda pozuntularının sayı artıb VİDEO
Bakı, 20 iyul, AZƏRTAC
2022-ci ilin ilk 6 ayı ərzində antidopinq qayda pozuntularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "Antidopinq maarifləndirilməsi mövzusunda medianın rolu" mövzusunda keçirilən tədbirdə deyib.
Ş.Hüseynli bunun idmançıların yarışlarda iştirakının çoxalması ilə bağlı olduğunu deyib: “Ona görə də, federasiyalara üzümüzü tutub demək istəyirik ki, onlarla maarifləndirmə işləri aparılsın".
AMADA tərəfindən maarifləndirmə işinin uğurla davam etdirildiyini vurğulayan Ş.Hüseynli vurğulayıb ki, agentlik tərəfindən təhsil proqramları yüksək səviyyədə icra olunur. Bu da ölkədə təmiz idmanın inkişafına öz töhfəsini verməkdədir.
"Bir çox federasiyaların rəhbərliyində dəyişiklikləri oldu. Sevindirici hal ondan ibarətdir ki, yeni federasiya rəhbərləri tolerantlıq nümayiş etdirərək, dopinqi qətiyyən qəbul etmədiklərini bizə bildiriblər. Bir çox məsələlərdə federasiya rəhbərliyinin mövqeyi idmançılara da təsir edir. Bu səbəbdən, federasiya rəhbərlərinə təşəkkürümü bildirirəm", - deyə AMADA rəsmisi əlavə edib.