ELM VƏ TƏHSİL
Bakıda Çinin Yeni ili qeyd olunub VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Odlar Yurdu Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirib.
Çinin Azərbaycandakı səfirliyinin müşavir-elçisi Dinq Tao, Bakıda Britaniya Məktəbinin direktoru Sangeetha Rao, direktor müavini Zərnişan Valiyeva, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri, Azərbaycan-Çin Əməkdaşlığı İctimai Birliyinin sədri Rəşad Kərimov, Azərbaycanda fəaliyyət göstərən Çin müəssisələrinin nümayəndələri, Çinli nümayəndələr, eləcə də Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) nümayəndələri, Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun Çin və Azərbaycan təfərdən direktorları, Konfutsi İnstitutunun müəllim və tələbələri daxil olmaqla 200-dən çox şəxs tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru professor Oqtay Cəlilbəyli Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib. Qeyd edib ki, bu ənənələr dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanılır. Çin xalqı Yeni il bayramını ildə iki dəfə - Avropa təqvimi və Şərqi Çin təqvimi ilə qeyd edir. Çin təqvimi ilə Yeni il yanvarın 22-də qeyd olunur.
Konfutsi İnstitutunun direktoru Vang Haoqiang bildirib ki, 11 ildir BDU-nun nəzdində Konfusti İnstitutunda Çin dili tədris olunur. Onun sözlərinə görə, məqsəd iki ölkə arasında körpü quraraq gənclərə Çin dilini və mədəniyyətini öyrətməkdir.
Sonra Konfutsi İnstitutunun tələbələri rəqslər və Çin xalq mahnıları ifa edib, səhnəciklər təqdim edib, şeirlər söyləyiblər.
Qeyd edək ki, Yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir.