İDMAN
Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasında üçillik fəaliyyət tələbi ləğv olunub VİDEO




Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, aparılmış müzakirələrdən sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər planının hazırlanması barədə AFFA-nın baş katibliyinə tapşırığın verilməsi, 2024-2028-ci illər üçün UEFA və 2023-2026-cı illər üçün FIFA tərəfindən ayrılacaq müvafiq maliyyə vəsaitinin regionlarda yeni infrastruktur layihələrinin inşasına yönəldilməsi qərara alınıb.
İclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri də təsdiq olunub. Belə ki, Aqil Nəbiyev U-19-u, Elxan Abdullayev U-18-i, Füzuli Məmmədov U-17-ni, İlham Yadullayev U-16, U-15-i, Həbib Ağayev isə U-19-u (qızlar) çalışdıracaq.
AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflərin hazırlanması barədə baş katibliyə tapşırıq verilib. Birinci Divizionda çıxış etmək üçün klubların Region Liqasinda üçillik fəaliyyət tələbi ilə bağlı qərar ləğv olunub.
Azərbaycan Premyer Liqası, Birinci Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunması Peşəkar Futbol Liqasına (PFL) həvalə edilib.
İclasda 2023-2024-cü il mövsümündən etibarən Birinci Divizion və əvəzedici heyətlərin çempionatları ayrı-ayrılıqda keçirilməsi barədə qərar qəbul olunub. Hər iki çempionat hər birində 10 komanda olmaqla təşkil olunacaq.
2023-2024-cü illər mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırma qaydaları tətbiq olunacaq. Müvafiq meyarların hazırlanaraq İcraiyyə Komitəsinə təqdim olunması AFFA-nın baş katibliyinə və PFL-ə tapşırılsın.
İcraiyyə Komitəsinin iclasında Yoxlama və Təftiş Komitəsi tərəfindən hesabat məruzəsi təqdim olunub.