ELM VƏ TƏHSİL
257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib







Bakı, 2 oktyabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrindəki beşyaşlıların cəlb olunduğu məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar paytaxtdakı 257 nömrəli tam orta məktəbdə tədbir təşkil olunub.
Məktəbin direktoru Qarat Qaratov məktəbəhazırlıq qruplarında tədrisin başlanması münasibətilə hər kəsi təbrik edib, uşaqlara uğurlar arzulayıb.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə məktəbə ilk addımlarını atan uşaqları təbrik edib, onlara qalib Azərbaycanda daim aydın səma altında firavan həyat və yollarının açıq olmasını arzulayıb. Xəyalə Əhmədzadə, həmçinin valideynlərin müəllimlərlə bərabər övladlarının yüksək səviyyədə təlim-tərbiyə almasına mühüm töhfə verəcəklərinə inandığını söyləyib.
İdarənin müdir müavini məktəbəhazırlıq qruplarının 5 yaşlı uşaqların hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədilə yaradıldığını bildirib.
Qeyd edib ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin məktəbəhazırlıq qruplarına 21 639 uşaq qeydiyyatdan keçib.
Daha sonra çıxış edən məktəbin məzunu, şəhid Ceyhun Həsənovun atası Aydın Həsənov balacaları təbrik edib, onlara Vətənə layiqli övlad kimi böyümələrini arzulayıb.
Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında dərs məşğələləri “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət”dən ibarətdir.