AZƏRTAC 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin birincisidir VİDEO
Bakı, 26 sentyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Sentyabrın 26-da 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC-ın videoinformasiya baş redaksiyasının əməkdaşı İsgəndər Qəmbərov “İlin ən yaxşı xəbər görüntüsü” nominasiyası üzrə birinci yerə layiq görülüb.
“Cəbrayıl şəhərində lentə aldığım “30 il sonra Vətəninə dönən ana” sənədli filmi münsiflər heyəti tərəfindən birinci yerə layiq bilindi. Bu görüntülərdə ananın 30 il sonra həm həsrətində olduğu doğma torpağına, evinə gəlməsi, həm də torpaq uğrunda canından keçən oğlunun şəhadətə ucaldığı yerə baş çəkməsi əks olunurdu”, - deyə İ.Qəmbərov bildirib.
Türk və Azərbaycan xəbər adamlarının bir araya gəldiyi tədbirdə “Haber Global”ın müxbiri Mehmet Altunışık da sevincini bizimlə bölüşüb: “Dizi xəbər nominasiyası”nda “Savaşın izləri” birinci yerə layiq görüldü. Rusiya-Ukrayna müharibəsində çəkdiklərimiz mənim üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, müharibə gedən ərəfədə anam həyatını itirdi və əfsuslar olsun ki, mən Türkiyəyə qayıdıb onun dəfnində iştirak edə bilmədim. Əminəm ki, bu gün anam yaşasaydı, mənimlə yenə fəxr edərdi. Bu mükafatın qardaş ölkədə təqdim edilməsi isə məni bir ayrı qürurlandırır”.
İkinci Qarabağ müharibəsində “Real TV”nin operatoru Elşad Heydərov lentə aldığı “Xəbər görüntüsü nominasiyası” üzrə birinci yerə layiq görülüb: “Qarabağ müharibəsində ermənilərin hücumu” başlıqlı görüntülərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi amansızlıqlar öz əksini tapır. 2020-ci ildə Tərtərdə məktəbə düşən mərmi nəticəsində yaşananlar kamerama yansıdı. Bu görüntülər üzrə birincilik qazansam da, müharibənin olmasını istəməzdim”, - deyə E.Heydərov bildirib.
Qeyd edək ki, Azərbaycan ilk dəfə 27-ci “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinə ev sahibliyi edir. Bundan başqa Türkiyə Xəbər Operatorları Assosiasiyasının sədri Aytekin Polatel “ZOOM” Beynəlxalq Xəbər Görüntüləri Müsabiqəsinin növbəti dəfə Özbəkistan və Cənubi Kiprdə keçiriləcəyinin planlaşdırıldığını bildirib.