SİYASƏT
27 Sentyabr - Anım Günü Avstraliyada da qeyd olunub
Kanberra, 27 sentyabr, AZƏRTAC
27 sentyabr - Anım Günü Avstraliyanın Sidney şəhərində Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) üzvləri tərəfindən qeyd olunub.
AZƏRTAC xəbər verir ki, karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərə icazə verilmədiyinə görə tədbirdə məhdud sayda iştirakçı olub. AAA-nın prezidenti Mikayıl bəy Oyta Avstraliyanın hökumət strukturlarına, qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə və kütləvi-informasiya vasitələrinə ünvanlanmış bəyanatı oxuyub.
Bəyanatda deyilir ki, Avstraliyada yaşayan azərbaycanlılar 30 ilə yaxın bir müddətdə işğalda olan Qarabağı 44 günə azad edən qəhrəman, vətənpərvər Azərbaycan Ordusu və Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edirlər.
Sənəddə deyilir: “27 sentyabr 2021-ci il Anım Günüdür. Tam bir il öncə Azərbaycan Ordusu şəhid verməklə işğal edilmiş əraziləri azad etdi. Bu gün biz Azərbaycanımızın bütün şəhidlərinin xatirəsini yad edirik.
30 ilə yaxın bir dövrdə işğalçı, cinayətkar Ermənistan və onun himayədarları torpaqlarımızda cinayət törədiblər. Ermənistan işğalda olan torpaqlarda bütün tarixi yerləri, yaşayış məntəqələrini, ətraf mühiti məhv edəndə bəzi Avropa ölkələri bu cinayətə susurdular.
Biz əminik ki, Azərbaycan Türkiyənin və digər dost dövlətlərin yardımı ilə Ermənistanın törətdiyi bütün vandalizm əməllərini, dağıdılan yaşayış yerlərini yenidən, ən modern və gözəl şəkildə bərpa edəcək”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra