Hakima El Haite: COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir VİDEO

Bakı, 15 mart, AZƏRTAC
COP yalnız geosiyasi alət deyil, həyatın, bəşəriyyətin gələcəyidir. Biz hər şeyi dəyişdirə bilərik. Təbiətimizin gələcəyi üçün bunu etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Liberal International” təşkilatının prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri, bu ölkənin iqlim dəyişikliyi üzrə sabiq xüsusi nümayəndəsi Hakima El Haite XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı söyləyib.
“Əgər siyasətlər dəyişikliyə uyğun deyilsə, biz heç nə edə bilmərik. Hər bir COP ərəfəsində optimist olmaq təklif edilir, lakin bu gün biz daha çox realist olmalıyıq. Biznesin reallığı var. Biz bununla bağlı nə etməliyik? Hər kəs maliyyədən danışır. Bəli, bu vacibdir. Amma havaya dəm qazını kim buraxır? Heç kəs bunun məsuliyyətindən danışmır. Belə ki, bizə həmrəy və cavabdeh insanlar lazımdır. Biz Azərbaycandan xahiş edirik ki, COP29-da ən çətin məsələlərə şəffaflıq gətirilsin”, - deyə o diqqətə çatdırıb.