Şəkidə Əyriçay və Kiş çaylarının daşması nəticəsində Qudula kəndinə gedən yollar bağlanıb VİDEO
Şəki, 29 iyul, AZƏRTAC
Son günlər şimal-qərb bölgəsinə yağan yağışlar Şəkinin Qudula kəndində ciddi fəsadlar yaradıb.
AZƏRTAC xəbər verir ki, kəndin iki tərəfindən axan Əyriçay və Kiş çaylarının sel-sularla yanaşı lil qatı gətirməsi nəticəsində təsərrüfatları su basmaqla yanaşı, Qudula kəndinin hər iki giriş hissəsində hərəkəti məhdudlaşdırıb.
Qudula kənd bələdiyyəsinin sədri Bəxtiyar Xəlilov bildirib ki, Qudula, Babaratma və Qaradağlı kəndləri Əyriçay dəryaçasının ətrafında yerləşir və son vaxtlar yağan güclü leysan yağışları nəticəsində Əyriçayın hövzəsi şişib, nəticədə kənd camaatının fərdi təsərrüfatına, pay torpaqlarına ciddi ziyan vurub.
“İyulun 28-dən 29-na keçən gecə güclü yağışlar yağıb. Nəticədə bizim kəndin ikitərəfli çıxışı bağlanıb. Bunlardan Yevlax-Zaqatala yoluna olan çıxış və kəndin Qaradağlı-Qoxmuq yolu ilə Şəki şəhərinə olan çıxışı artıq bağlıdır. Kiş çayında suyun səviyyəsi artdığından və kəndə gələn yolun üzərindəki su borusunun ötürücülük qabiliyyəti tələblərə cavab vermədiyindən sel-sular yola dağılıb. Nəticədə Qudula-Bararatma-Qoxmuq yolunun 400 metrlik hissəsi lil qatı ilə örtülüb, hərəkət tamamilə dayanıb”, - deyə bələdiyyə sədri qeyd edib.
Bəxtiyar Xəlilov qeyd edib ki, ilkin hesablamalara görə kənddə 25 hektara yaxın fərdi təsərrüfat, eləcə də 30 hektar pay torpaqları son günlər yağan yağışdan sonra su altında qalıb: “Baş vermiş fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyindən xüsusi texnikalar gözlənilir. Həmin texnikalar gələn kimi yolda hərəkətin təmin olunması istiqamətində işlərə başlanılacaq. Eyni zamanda, evləri Əyriçaya yaxın olan sakinlərin təhlükəsiz ərazilərə köçürülməsi istiqamətində iş aparılır”.