İtaliya şirkəti tərəfindən seçkiöncəsi sorğu keçirilib VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın “SWG SPA” şirkəti Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı yerli respondentlər arasında iyulun 15-dən avqustun 15-dək təşkil etdiyi seçkiöncəsi sorğuya dair hesabatını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, şirkətin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu “face-to-face” (üzbəüz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları sorğunun anonimliyi, cavabların isə məxfiliyinin qorunması barədə əvvəlcədən məlumatlandırılıb.
Bildirilib ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb.
Seçkidə iştirakla bağlı suala respondentlərin 57 faizi müsbət cavab verib. 27 faiz insan isə səsvermədə çox güman iştirak edəcəyini bildirib.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan SWG SPA şirkəti ictimai rəy, institusional, sənaye araşdırması və müşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikaları təhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır.
Şirkət İtaliyada CATI metodunu tətbiq edən ilk tədqiqat institutu olub.