Ticarət mərkəzinin kollektivinə yanğınlar zamanı zəruri davranış qaydaları öyrədilib VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün hadisələr zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Sonra şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verilib. Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində işçilər “təhlükəsiz yerə təxliyə olunublar”. Şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.