Şəkidə quyuya yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Şəki rayonu, Orta Zəyzid kəndinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1991-ci il təvəllüdlü Rəsulov Yasin Ramiz oğlu dərinliyi təxminən 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.