MƏDƏNİYYƏT
Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib VİDEO
Paris, 11 oktyabr, AZƏRTAC
Fransadakı səfirliyimizin Mədəniyyət Mərkəzində Azərbaycan milli mətbəxinin nümunələri daxil olmaqla 150 ölkənin yumurtadan hazırlanan yeməklərinin reseptlərindən ibarət “Eggcellent” kitabının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan milli mətbəxinin yumurtadan hazırlanan yeməkləri təqdim olunub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin tanınmış aşpazları, media nümayəndələri iştirak ediblər.
Tədbirdə nəşrin müəllifi, tanınmış kulinariya ustası, fransız televiziyasında kulinariya şousunun aparıcısı, böyük qida markalarının məsləhətçisi Siril Ruke-Prevostun karyerası və kitabı hazırlamaq üçün səyahət etdiyi ölkələr haqqında məlumat verilib.
Kitabın müəllifi çıxışında müxtəlif ölkələrin mətbəxləri barədə fikirlərini bölüşüb, eləcə də Azərbaycana səyahətindən, milli mətbəximizin ləziz təamlarından söz açıb.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva qastrodiplomatiyanın mədəniyyət diplomatiyasının bir forması olduğunu, milli mətbəxdən ölkənin mədəniyyətini təbliğ etmək üçün ünsiyyət vasitəsi kimi istifadə edildiyini deyib.
Qeyd olunub ki, mətbəx mədəniyyətlər arasında körpülərin yaradılmasında rol oynayır. Qastrodiplomatiya müxtəlif xalqlar arasında qarşılıqlı anlaşmaya kömək edir, gərginliyin azaldılmasına və beynəlxalq əlaqələrin möhkəmlənməsinə kömək edir.
Diqqətə çatdırılıb ki, qastrodiplomatiya ölkənin milli brend imicini gücləndirir, milli mətbəxi xaricdə tanıtmaqla ölkə öz nüfuzunu və beynəlxalq cəlbediciliyini artırır. Mətbəx insanları bir araya gətirmək, dil və mədəni maneələri aşmaq, fərdlər və millətlər arasında güclü emosional əlaqə yaratmaq üçün universal gücə malikdir. Ölkə öz kulinariya ənənələrini nümayiş etdirməklə nəinki öz mədəniyyətini təbliğ edə, həm də digər xalqlarla daha yaxşı əlaqələr yarada bilər.
Tədbir çərçivəsində müəllifin Azərbaycan da daxil olmaqla səyahət etdiyi ölkələrdən hazırlanmış video nümayiş olunub.
“Eggcellent” kitabında qurmanlara Azərbaycan milli mətbəxinin yumurtadan hazırlanan bir çox reseptləri də təqdim olunur.
Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin təamlarını - kükü, yumurtalı toyuq çığırtması, yumurtalı lobya kimi yeməklərlə tanış olub və dadıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri